Çəki – 105.8 kq – #gün112 – 24.05.20

Oyanma vaxtı: 08:00
Çəki: 107.2 kq (118-105.8 = 12.2 kq / 30 gün) Hədəfə 17.8 kq qaldı… )

Nə yalan deyim, Korona virus bəlasının gəlməsi ilə iradəmdə büdrəmə oldu… Məşq etdiyim zalı bağladılar… Təmiz həvəsdən saldılar… Heyf ki, bu periodda iradəm üzərində qələbə xeyli vaxt aldı… Çəkim 112.5 kq-a qədər qalxmışdı… 12 may 2020 tarixində özümə dur deyib, qaldığım nöqtəyə 106.9 -a bu gün isə yeni yaxşı nəticəyə 105.8-ə çatdım. Hər şey beyində başlayır və beyində bitir dostlar! Əsas odur ateşimiz sönməsin! 🙂 Ya da ki, ən azından yanınızda “ibişka” gəzdirin )))

Çəki – 106.9 kq – #gün32 – 05.03.20

Oyanma vaxtı: 06:00
Çəki: 106.9 kq (118-106.9 = 11.1 kq / 32 gün) Hədəfə 21.9 kq qaldı… )

Müdhiş hissdir. Çox təəssüf edirəm ki, həyatımın çox böyük hissəsini sağlıqsız qidalanıb, gombul biri olaraq yaşamışam. Sağlam qidalanıb, idman etməklə çəkimi düşürdükcə, həyatın dadı da dəyişir. Özümü daha gümrah, daha güclü, daha effektiv hiss edirəm. Bu gün son 32 günlə bağlı hesabat xarakterli ümumi yazı paylaşacam.

Çəki – 107.2 kq – #gün30 – 03.03.20

Oyanma vaxtı: 08:00
Çəki: 107.2 kq (118-107.2 = 10.8 kq / 30 gün) Hədəfə 22.2 kq qaldı… )

#180daychallange -in 30-cu günündə, 03.03.2020 tarixində, hədəfimə 22.2 kq qalır… Rəqəmlər… Rəqəmlər… Gülməlidir özümə də, amma məncə həyatımın son 2-3 ilində bəlkə də elə həyatımın hamısında rəqəmlər mənə fasiləsiz olaraq, nəsə deməyə çalışır :)… Amma nə? bax orasını bilmirəm. Bircə onu bilirəm ki, MƏN BACARAJAM!!!
Hər gün üzürəm və ən az üzdüyüm məsafə 500-750 metr arasında dəyişir. Mart üçün hədəflərimdən biri, ayın sonunadək profesional müəllimdən üzmək texnikasını öyrənib təkmilləşdirməkdir. Fasiləsiz olaraq bir saat ərzində 1.5 km üzməyə nail olmaq.

Çəki – 108.3 kq – #gün28 – 01.03.20

Oyanma vaxtı: 08:00
Çəki: 108.3 kq (118-108.3= 9.7 kq / 29 gün) Hədəfə 23.3 kq qaldı… )

Fevral ayı geridə qaldı və uğurlu olduğunu düşünürəm. Faktiki olaraq çəkinin 9.7 kq-dan canım qurtardı. Bu gün mart ayının ilk günüdür və özümə qarşı elan etdiyim müharibənin ikinci ayına başlayıram. Bildiyiniz kimi tərkibində şəkər və un olan qidalardan istifadə etmirəm. Challange-i daha maraqlı etmək üçün gündəlik jim, press, oturub-durmaq və ingilis dilində 10 yeni söz öyrənməyi əlavə edirəm. İngilis dili ilə bağlı challange-i ayrıca postlarla və ingilis dilində qeyd yazıb paylaşacam. 2020-də Academic İELTS imtahanı verib, yaxşı nəticə toplamağı hədəfləmişəm. Kazam mübarek! :))

Çəki – 108.4 kq – #gün27 – 29.02.20

Oyanma vaxtı: 09:00
Çəki: 108.4 kq (118-108.4= 9.6 kq / 27 gün) Hədəfə 23.4 kq qaldı… )

Dünən mənim üçün dəyərli olan bir yoldaşın ad günü idi və bu ad günündə yeməsəm ayıb olardı. İlk dəfə gecə Fastingi pozdum və əməllicə yedim. Hətta şirniyyatın dadına da baxdım. Nəticə göz qabağındadır. 🙂

Bu gün əvəzini artıqlaması ilə çıxmağı düşünürəm. 6 km yerimək + 0.5 km üzməyi planlayıram. Görək nə alınacaq. Gün ərzində bolluca zəncəfilli su içmişəm.

Çəki – 107.9 kq – #gün26 – 28.02.20

Oyanma vaxtı: 06:00
Çəki: 107.9 kq (118-107.9= 10.1 kq / 26 gün) Hədəfə 22.9 kq qaldı… )

Özümü möhtəşəm hiss edirəm. Çəki ilişib bir yerdə qalanda adamın hövsələsi daralır. Amma bunun normal hal olduğunu unutmamalıyıq. Əsas odur ruh düşkünlüyü yaranmasın və zəncir qırılmasın!

Bu gün günorta yeməyimə şəkildə gördüyünüz kimi bir alma, bir qreyfrut, 100 qram şor + 100 qram kəsmik və 12 ədəd badam daxildir.

Hər gün axşam ən azı 500 metr fasiləsiz olaraq üzürəm və üzmə texnikamı inkişaf etdirirəm.

Çəki – 109.1 kq – #gün24 – 26.02.20

Oyanma vaxtı: 06:00
Çəki: 109.1 kq (118-109.1= 8.9 kq / 24 gün) Hədəfə 24.1 kq qaldı… )

Deyəsən 21 və 22 fevral tarixindəki ad günü yeyib içməyi mənə baha başa gəldi. cədvəldən gördüyünüz kimi çəki 109 kq-da ilişib qalıb. Dünən və bu gün tərəzi 109.1 kq-da üzümə dirənir…

Fiziki aktivliyimi artırmalıyam. Gün ərzində badam və 3.2 faiz yağlı süddən hazırlanan kapuçino içirəm. Düşünürəm ki, bunları çıxarıb, test edim görüm nə nəticə hasil olacaq.